Koronavirus Bakının ticarət mərkəzləri və bazarlarına necə təsir edib?

Yeni növ koronavirus infeksiyası bütün dünya ölkələrində təşvişə səbəb olub.

 

APA TV-nin məlumatına görə, medianın əsas xəbərlərinə çevrilən virus “ulduz”luq həvəsinə düşən bəzi “İnstagram” və “Facebook” səhifələri üçün izləyicilərinin sayını artırmaq baxımından göydəndüşmə fürsətə çevrilib. Verdikləri yanlış informasiyalara görə izləyici topladıqlarını düşünən bu şəxslər bilib-bilmədən yaydıqları xəbərlərin məsuliyyətini dərk etmirlər.

 

Bir neçə gün əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə çağırıb.

 

Bu özünüqoruma tədbiri bir az mahiyyətindən uzaq qavranıldı. Biri “Evlənəcəkdim, toyum qaldı” dedi, digəri isə məlumat yaydı ki, mollar, ticarət mərkəzləri, eləcə də bazarlar martın 15-dən etibarən koronavirus təhlükəsi ilə əlaqədar bağlanacaq. Halbuki Operativ Qərargah adamların sıx toplaşdığı məkanlarda koronavirusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınmasını, yas mərasimlərinin isə kütləvi keçirilməməsini tövsiyə edib. Yəni burada heç bir məcburiyyətdən söhbət getmir.

 

Xəbərin doğru olmadığını bilsək də, insanların alış-veriş mərkəzlərinə ən çox getdiyi saatlarda sözügedən məkanlara və bazarlara üz tutduq. Satıcılar koronavirus təhlükəsinə görə əvvəlki müştəri sayının nisbətən azaldığını bildirdilər:

 

- Harada sıxlıq varsa, oraya getmək olmaz deyə insanlar bazara az gəlir.

- Bir az zəifçilikdir. Tələbələr çıxıb rayona gedib, məktəblər bağlanıb, zəifçilikdir.

- Azlıq var. O da ki, bizim millət şayiələrə inanır. Biz qorxmuruq. Elə şey yoxdur.

- Heç yoxdur, heç gəlmirlər. Vallah nə koronavirus yoxdur, heç nə yoxdur.

- Bazarda vəziyyət yaxşıdır. Gələndə var gəlməyəndə. Qorxanda var.

Satıcıların alış-veriş məkanlarının bağlanacağı ilə yayılan yanlış xəbərə isə reaksiyaları belə oldu:

- Elə bir söz eşitməmişik. Elə bir söhbət yoxdur.

- Onu bilmirəm vallah deyirlər, amma elə şey olar?

- Vallah yanlış deyirlər. Eşitməmişəm heç. Məlumatım yoxdur.

“28 Mall” isə öz rəsmi “Facebook” səhifəsində müştərilərə müraciət edərək bildirib ki,  ticarət mərkəzi həmişəki qaydada fəaliyyətini davam etdirir. Əlavə olaraq mollda dezinfeksiya işləri aparılır və sanitar tədbirlər gücləndirilib. Hər hansı dəyişiklik olarsa, bu barədə rəsmi məlumat veriləcək.

 

Göründüyü kimi, Bakının ticarət mərkəzləri və bazarları əvvəlki qaydada fəaliyyətini davam etdirir. Lakin bu o demək deyil ki, valideynlər orta məktəblərin martın 27-nə qədər bağlı olmasından istifadə edərək, övladlarını əyləncə məkanlarına aparmalıdırlar. Unutmayaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusun başlanğıc mərhələsində olan ölkələrdən biri elan edib. Virusun yayılmaması isə təkcə hökumətdən yox, həm də vətəndaşlardan daha diqqətli və məsuliyyətli olmağı tələb edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv