Koronavirus İrandan Azərbaycana yükdaşımalara təsir etməyəcək
Koronavirusla əlaqədar yaranmış vəziyyət İrandan Azərbaycan istiqamətində yükdaşımalara ciddi təsir göstərməyəcək.
APA TV-nin verdiyi məlumata görə, bunu Bakıda təşkil olunan Beynəlxalq “Transport B2B Forum”da "ADY-Konteyner" MMC-nin biznesin inkişafı üzrə direktoru Rəşad Məcidov bildirib.
Onun sözlərinə, regionda yayılma təhlükəsi olan koronavirus logistika sahəsində bir sıra problemlər yaradıb: “Ümumiyyətlə, yayılan xəstəliklə bağlı deyə bilərəm ki, bizim daha çox nəqliyyat yox, logistika məsələsində problemlər var. Bizim əsas daşıma istiqamətimiz olan Çində bəzi müəssisələr, bəzi zavodlar istehsalı aşağı salıblar. Bu da bizdə logistika üzrə böyük problemlər yaradıb”.
Onun sözlərinə görə, İrandan gələn yükdaşımalarda azalma nəqliyyat sahəsində deyil, logistika sahəsində qeyd alınıb. Çünki anbarda nəqletməyə məhsul olmursa, bu, artıq logistika ilə bağlı problemdir. “Konteynerlərlə yükdaşımalar hər il ən az 50% artır. Eyni dinamikanı bu ildə gözləyirik. Koronavirusun nəqliyyat sahəsinə böyük təsiri olacağını proqnozlaşdırmırıq".
Rəşad Məcidov bildirib ki, bu il Azərbaycanın dəmir yolları ilə 75-80 min konteynerin daşınacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Bakıda keçirilən Beynəlxalq “Transport B2B Forum”u çərçivəsində paytaxtımıza gələn bir sıra xarici şirkətlərlə yeni nəqliyyat və logistika layihələri müzakirə olunub.
Səfər Əlizadə
Üzeyir Ağayev
APA TV