Koronavirusa görə Azərbaycan-İran sərhədində heç bir məhdudiyyət yoxdur – RƏSMİ
İranda koronavirusun yayılması ilə əlaqədar Astara və Biləsuvardakı gömrük-sərhəd buraxılış məntəqələrində ciddi şəkildə profilaktik tədbirlər görülür.
APA TV-nin yerli bürosunun məlumatına görə, bu məqsədlə ərazidə qurulmuş stasionar aparatlarla yük nəqliyyat vasitələri birbaşa dezinfeksiya edilir. Bundan başqa gələn vətəndaşlar buraxılış məntəqəsində quraşdırılan xüsusi termovizor aparatları vasitəsilə yoxlanılır.
Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayevin sözlərinə görə, sərnişin xəttində Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 saatlıq iş rejimində çalışırlar. Hər bir sərnişin tibbi müayinədən keçirilir və xəstəlik halları aşkar edildikdə onlar birbaşa stasionar müalicəyə göndərilir: “Son vaxtlar bu görülən profilaktik tədbirlər nəticəsində bizim işimizdə bəzən fasilələr yaranır. Bu da insanların sağlamlığını qorumaq məqsədilə həyata keçirilir. Çalışırıq ki, yayılmış epidemiyanın qarşısını almaq üçün önləyici tədbirlər görək”.
Buraxılış məntəqəsindən keçən vətəndaşlar da yüksək səviyyədə yoxlanıldıqlarını deyirlər: “Hər şey yüksək səviyyədə yoxlanılır, nəzarət olunur. Maskalar da gördüyünüz kimi paylanılıb”.
Buraxılış məntəqəsindən istifadə edən İran vətəndaşları da vəziyyətin nəzarət altında olduğunu bildirirlər: “Qəşəngdir vəziyyət, yaxşıdır. Maşını dərmanlayırlar, təmiz olur maşın, keçirik o biri tərəfə.
Bundan başqa, vətəndaşlar arasında maarifləndirmə işləri aparılır, yayılan epidemiyanın nə dərəcədə təhlükəli olduğu haqqında onlara məlumat verilir.
Qeyd edək ki, əvvəllər gün ərzində Azərbaycan-İran sərhədindən 8000-ə yaxın insan keçirdisə, indi bu sayda 70 faiz azalma müşahidə edilir.