Koronavirusa görə xaricdə oxuyan tələbələrimiz ölkəyə qaytarılır
Koronavirus pandemiyası ilə əlaqədar Gənclər Fondu virusun geniş yayıldığı ölkələrdə Xaricdə Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin sağlamlıq və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi və zəruri hallarda ölkəmizə qayıtması ilə bağlı təxirəsalınmaz tədbirlər görür.
Fonddan APA TV-yə verilən məlumata görə, bununla yanaşı, yarana biləcək hər hansı təhlükənin qarşısının alınması, eləcə də zəruri tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xaricdə təhsilini davam etdirən proqram iştirakçıları və onların təhsil aldıqları universitetlərlə sıx təmaslar davam etdirilir.
Tədbirlər çərçivəsində mütəmadi olaraq, tələbələrin ehtiyacları və müvəqqəti yerləşmə ölkəsində və şəhərindəki vəziyyətlə bağlı məlumatlar alınaraq təhlil olunur, müvafiq ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizlə əlaqələndirilir.
Zəruri hallarda və tələbələrin istəklərinə uyğun olaraq, onların ölkəmizə qaytarılması təmin olunur.