Koronavirusa qarşı peyvəndləmə davam edir

Bu gündən etibarən ölkə üzrə COVID-19 virusu əleyhinə peyvəndlənmə prosesinə başlanılıb. İlkin mərhələdə tibb işçilərinin peyvəndlənməsi nəzərdə tutulur. Daha sonra 65 yaşından yuxarı şəxslər peyvəndlənməyə cəlb olunacaq. Hər bir vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsinə gələrək ilk növbədə qeydiyyatdan keçməli, daha sonra müayinə olunmaq üçün xüsusi otağa daxil olur.

 

Poliklinikanın şöbə müdiri Solmaz Tağıyeva deyir ki, vətəndaşların aktiv xəstəliklərinin olub-olmaması yoxlanılacaq: “Vətəndaşlar həkim qəbulunda olan zaman onların aktiv xəstəliklərinin olub-olmaması yoxlanılacaq. Eyni zamanda, pasiyentin təzyiqi ölçüldükdən sonra o vaksinasiyaya yönləndiriləcək”.

 

2 saylı şəhər poliklinikasında peyvəndlənmə üçün 3 xüsusi otaq ayrılıb. Hazırda olduğumuz bu otaqda peyvənd otağıdır. Burada vətəndaşa peyvənd vurulduqdan sonra 30 dəqiqə ərzində növbəti otaqda həkim nəzarətində gözləməlidir, daha sonra hər hansı fəsad aşkarlanmadığı halda evə yola salınır.

 

Poliklinikanın şöbə müdiri Solmaz Tağıyevanın sözlərinə görə, gün ərzində 5 nəfər tibb işçisi artıq peyvənd olunub. Digər işçilər isə növbəti günlərdə peyvənd olunacaqlar. Ölkəmizə Çindən gətirilən peyvəndlər xüsusi temperatur şəraitində saxlanılır. Hər doza bir pasiyentə vurulur. Həmin şəxsə növbəti peyvəndlənmə 14 və ya 21 gün ərzində aparılır: “Hazırda 150 doz vaksin almışıq. Hər flakonda 1 doz yəni 0,5 vahid vaksin yerləşdirilib və biz onları soyuducuda saxlayırıq. Bunlar diri deyil, ölü vaksinlərdir. Ona görə, ilkin növbədə bu dərmanın komponenti vətəndaşa hər hansı əks təsiri olarsa o zaman, həmin vətəndaşa 30 dəqiqə burda gözlədiyi müddətdə ilkin tibbi yardım göstəriləcək. Bunun üçün artıq ixtisaslaşmış həkimlərimiz var ki, onlar kurs keçərək sertifikat alıblar”.

 

Mütəxəssislər hesab edir ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Vətəndaşlara bundan sonra da təhlükəsizlik tədbirlərinə, gigiyena qaydalarına əməl etməlidirlər.

 

Qeyd edək ki, hazırda vaksinasiya prosesinə dünyanın aparıcı ölkələrində - ABŞ, Rusiya,  Avropa ölkələri, eləcədə qardaş Türkiyə də start verilib. Azərbaycan bu məsələdə də liderlər sırasındadır. Bu, bilavasitə dövlətimizin vətəndaşların sağlamlığına və təhlükəsizliyinə verdiyi yüksək dəyərin əyani göstəricisidir.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv