Koronavirusdan ölən iş adamının müəllimi: “Bu virus yaş tanımır”

Bu gün koronovirus infeksiyasına yoluxma şübhəsi ilə vəfat edən 34 yaşlı Fərid Nəcəfqulu oğlu Əliyev doğulduğu Ağcabədi rayonunda  xüsusi qaydalara uyğun dəfn edilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyəti yas mərasiminin kütləvi keçirilməsinə icazə verməyib.

 

Çox az sayda insan sosial məsafəni gözləməklə ailənin yaxınlarına başsağlığı verməyə gəlib.

 

Ağcabədi şəhəri Həzi Aslanov küçəsində qeydiyyatda olan Fərid  Əliyev iş adamı kimi fəaliyyət göstərib və ailəsi ilə birlikdə Bakıda yaşayıb. O, bir həftə əvvəl özündə nasazlıq hiss edib, qızdırma, halsızlıq, kəskin ağrılar və nəfəs darlığından əziyyət çəkib. Buna baxmayaraq, Fərid  Əliyev həkimə müraciət etməyib, ev şəraitində özü müalicə olunmağa cəhd edib. Dünən axşam saatlarında vəziyyəti kəskin pisləşdiyi üçün ailə üzvləri təcili tibbi yardım çağırıblar.

 

Təcili yardım gəlsə də, Fərid  Əliyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

 

Yaxınlarının bildirdiyinə görə, Fərid  Əliyev hansısa xəstəlikdən əziyyət çəkməyib, onun şikayəti olmayıb. Onun iki azyaşlı övladı var, ikinci övladı 2 ay əvvəl dünyaya gəlib.  Fərid Əliyevin ölümü göstərdi ki, virus yaş tanımır.

 

“Bu gün bizim rayonumuzda əhvalımıza çox pis təsir edən bir hadisə baş vermişdir. Fərid bizim şagirdimiz olub. Çox tərbiyəli və zəhmətkeş şagird olub. Ailəsinə və evinə qarşı çox etibarlı idi. Bu hadisə göstərdi ki, virus yaş tanımır. Harada olsa, kimi olsa, yoluxdurur. Əvvəllər deyərdilər ki, yaşı altmışdan yuxarı olanlara mənfi təsir göstərir. Gördük ki, gəncləri də yoluxdura bilir. Mən burdan üzümü bütün yaşdan olan insanlara üz tuturam. Hamımız bu məsələyə ciddi yanaşaq. Qoyulan qayda və qanunlara riayət edək. Maskalardan istifadə edək. Azərbaycan Respublikasının Prezidenti Ağcabədi rayonuna səfəri zamanı maskadan istifadə etməsi hamımıza nümunə olmalıdır. Bu, hamımıza örnək olsun”.

 

Səadət müəllimə, onu da bildirib ki, yaxınlarında və ya ailə üvlərində koronovirusun əlamətlərini görən hər kəs səhiyyə ocaqlarına məlumat verməlidir. Əks halda bunu gizlətməklə  daha  böyük faciələr baş verə bilər.

 

“Biz birlikdə qaydalara əməl etməklə bu bəlaya qalib gələ bilərik. Sosial məsafəni qoruyaq. Əgər hər hansı bir adam öz sağlamlığında kiçik bir zərrə qədər narahatçılıq hiss edərsə, səhhətimizin keşiyində duran həkimlərə təcili müraciət etmək lazımdı. Bu məsələyə hədsiz dərəcədə ciddi yanaşmalıyıq, yoxsa belə bəlalar bizi buraxmayacaq. Fəridin ölümü mənə çox pis təsir edir. Bütün insanlara müraciət edirəm səhhətinizi qoruyun. Həyatı doya-doya yaşayın”.

Müəllif | Apa.Tv
Apa.tv