Koronavirusla bağlı yayılan xəbərlərə inamsızlıq nədən yaranır? – DEPUTATLAR DANIŞIR

Son illər internet və sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün böyükdən kiçiyə hər kəs sosial şəbəkələrdən istifadə edir. Hamı bu geniş dünyanı öz məqsədləri üçün istifadə edir. Bir neçə il əvvələ kimi internetdən əsasən informasiya əldə etmək üçün istifadə edilirdisə, son zamanlar bu platformadan insanlara hər hansı çağırışlar etmək, onları qruplar halında cəmləmək üçün də istifadə edilir. Son həftələrin “trendi” isə koronavirusa inanıb-inanmamaqdır. Sosial şəbəkələr sanki iki cəbhəyə bölünüb. Virusun varlığına inananlar və qoyulan qaydalara əməl etdiyini yazanlar, digər tərəfdə isə bu virusun ümumiyyətlə mövcudluğunu şübhə altına alanlar və ya virusun təhlükəli olmadığı qənaətində olanlar.

 

Bəs niyə bəzi vətəndaşlar ölkədə koronavirusla bağlı yayılan xəbərlərə etimadsızlıq göstərirlər?

 

Deputat Cavid Osmanov deyir ki, sosial şəbəkələrdə insanlara bu tipli çağırışlar edən anti-milli qüvvələrdir: “Çox təəssüf ki, Azərbaycanda sosial şəbəkələrdə elə insanlar var ki, onların içində müəyyən qruplaşmalar, hansı ki, istəyirlər ölkəmizdəki ictimai-siyasi vəziyyəti gərginləşdirsinlər. İnsanlar inanmasın virusa bununla da ölkədə yoluxma halları çox olsun. Səhiyyəmiz, iqtisadiyyatımız tamamilə tənəzzülə uğrasın. Bu xüsusi bir qruplar anti-milli qüvvələrdir. Eyni zamanda sadə vətəndaşlar da var, hansılar ki,  inanmırlar və bunu da açıq aydın cahil faktlarla çıxış edirlər ki, virus yoxdur. Mən hər kəsdən xahiş edirəm bu gün dünya bu virusa qarşı birləşdiyi bir zamanda biz hər birimiz bir olaq və bu gözəgörünməz xəstəliyə qarşı mübarizə aparaq”.

 

Deputat Kamran Bayramov isə maarifləndirmə işinin gücləndirilməsinin tərəfdarıdır:

“Həm maarifləndirmə işi gücləndirilməlidir, həm də bu yola əl atan şəxslər ifşa edilməlidir. Xüsusi olaraq bizim cəmiyyətimizdə fəal olan insanlar, jurnalistlər, blogerlər, ayrı-ayrı fəallar, tanınmış şəxslər indiki vəziyyətin ciddiliyini bilir və həmin o şəxslərin cavabını verməlidirlər”.

 

Deputat Şahin Seyidzadənin sözlərinə görə, təəssüflər olsun ki, bu gün cəmiyyətdə “deyirlər sindromu”nun qurbanları çoxdur. Onları bu yoldan çəkindirməyin isə yeganə yolu maarifləndirmə işlərinin aparılmasıdır: “Belə insanları iki kateqoriyaya bölünür. Şüurlu və şüursuz insanlar. Şüurlu insanlar hansı ki, onlara “heytrlar”-yəni nəyəsə əks gedən, hər şeyi inkar edən şəxslər aiddir. Şüursuz o insanlardır ki, daha çox mötəbər mənbəyə istinad etmədən, müxtəlif adi şəxslərin postlarına istinad edib yayan şəxslərdir. Burdan tövsiyəm odur ki, insanlar məlumatı alarkən etibarlı mənbədən alsınlar və “deyirlər”, “inanıram”, “inanmıram” anlayışı ətrafında deyil faktlara əsaslanıb addım atsınlar”.

 

Deputat Könül Nurullayeva isə hesab edir ki, sosial şəbəkələrdə hər hansı yanlış informasiyanı yazan şəxs məsuliyyət daşımalıdır. Eyni zamanda, yalanın qarşısına həqiqətlə çıxmaq lazımdır: “Dövlətin dediyi hər bir söz ən doğrusudur. Biz buna yönəlməliyik və buna uyğun addımlar atmalıyıq. İnsanlarda inamsızlığın olmağını da başa düşmək olar. Amma son günlər artıq inanmayan insanlarda da inam yaranır, çünki, həmin şəxslərin yaxınları, tanışları artıq virusa yoluxur. Mən heç istəməzdim ki, yaxın aylarda o inanmayanların ətrafında yoluxanlar olsun və onlar inanmaq məcburiyyətində qalsınlar. Çünki yoluxmanın dinamikası artır. Ona görə, biz hamımız birlik, həmrəylik, sosial məsuliyyət nümayiş etdirməliyik”.

 

Qeyd edək ki, sosial şəbəkələrin yaratdığı problemlər artıq dövlətləri və iri şirkətləri də narahat etməyə başlayıb. Bu səbəbdən də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna Milli Məclis tərəfindən bir sıra dəyişiklik edilməsi təklif olunur.

 

İlahə Vəliyeva,

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv