Koronavirusla mübarizəyə qarşı yeni layihəyə start verildi - TÜRKİYƏDƏN 19 HƏKİM GƏTİRİLDİ
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsinə start verilib.
APA TV-nin məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, layihədə Türkiyədə çalışan 19 azərbaycanlı həkim iştirak edəcək: “Layihənin məqsədi hazırda COVID-19 xəstələrinin müalicəsi üçün bölgələrdəki seçilmiş xəstəxanalarda COVID-19 ilə bağlı əsas bacarıqları inkişaf etdirməkdir”.
ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, bu layihənin məqsədlərindən biri də Azərbaycan hökumətinin COVID-19-la mübarizəsinə kömək etməkdir: “Bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, sözügedən sahələr üzrə praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar. Həkimlər Azərbaycan hökumətinin ayırdığı təyyarə ilə gətirildi”.
Layihə rəhbəri Hamza Zeytinoğlu qeyd edib ki, bununla da Azərbaycanda koronavirusla mübarizə sahəsində təcrübəli həkim heyəti formalaşacaq.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov isə bildirib ki, Heydər Əliyev Fondu koronovirusla mübarizənin ilk günündən TƏBİB və Səhiyyə Nazirliyinə dəstək verir: “Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Koronovirus epidemiyası ilə mübarizənin ilk günlərindən TƏBİB və Səhiyyə Nazirliyinə dəstək göstərməyə başlamışıq”.
İnfeksiya ilə mübarizə çərçivəsində daha bir yenilik isə ondan ibarətdir ki, Azərbaycanda COVID-19-dan sağalmış xəstələrdən gələn həftədən plazma götürülərək ağır xəstələrə köçürüləcək.
Layihə çərçivəsində Azərbaycana gələn həkimlərdən biri Nəsiman Alılı deyir ki, koronavirusla mübarizə aparılan xəstəxanalarda tibb işçilərinə təlimlər verəcəklər: “Burada hədəf xəstəxanalarda koronavirusla mübarizə aparan həkimlərin təlimini gücləndirməkdir. Bu komandalar onlardan ayrıldıqdan sonra həkimlərimiz istər diaqnoz, istər müalicə, istərsə də xəstəxanalarda olan digər məsələlərlə bağlı tam hazır vəziyyətdə olacaqlar”.
Qeyd edək ki, layihə çərçivəsində həkimlər təlimlərini 3 ay davam etdirəcəklər.
İsa İsmayılov
Faiq Həsənov
Apa TV