Koronavirusun bizdən aldığı məşhurlar - SİYAHI
2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yeni növ koronavirusun yayılmağa başladığını, sürətlə bütün ölkələrdə ölümlərə səbəb olduğunu eşitməyə başladıq. Bu təhlükənin bizdən uzaq olmasının arxayınlığına, bəzilərimizdə olan inamsızlığa rəğmən təhlükə 2020-ci il fevralın 28-də ölkəmizdə də aşkarlandı.
APA TV xəbər verir ki, həyatımızı çərçivələməyə, yaxınlarımızla aramıza məsafə qoymağa vadar edən bu virus kimləri qoparmadı ki, həyatdan.
Ölkəmizdə aşkarlandığı vaxtdan bu günə qədər 3491 nəfər COVID-19 səbəbindən dünyasını dəyişib. Dünyasını dəyişənlər arasında müxtəlif sferalardan olan tanınmış simalar da az deyil.
Ömrünün 30 ilini hüquq sahəsinə həsr edən 64 yaşlı vəkil Adil İsmayılov ötən ilin dekabrında dünyasını dəyişdi. Adil İsmayılovun həmkarları - 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev və Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov da koronanın həyatdan qopardığı tanınmış simalardandır.
Azərbaycan sığorta bazarının tanınmış mütəxəssisi, iş adamı Xəyal Məmmədxanlı, “Taimex” şirkətinin və “Ağsu” araq zavodunun sahibi Tahir Yusifov da koronavirusdan vəfat edib.
İşıq sürəti ilə yayılan təhlükədən tanınmış tarixçi alim 62 yaşlı Dilavər Əzimli də yaxa qurtara bilməyib. AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olan, bu günə qədər 104 elmi əsəri çapdan çıxan Dilavər Əzimli bu ilin martında dünyasını dəyişib. Virus “Yazıçı” qəzetinin baş redaktoru, 81 yaşlı Azər Abdullanı da bir neçə gün əvvəl aramızdan alıb.
Məmurlardan da yan keçməyən bu virus Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin vəfatına səbəb olub. O, sözügedən vəzifəyə 2019-cu ildə təyin edilmişdi. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva da virusdan dünyasını dəyişib.
Azərbaycanın xalq artistləri Sabir Əliyev və Teymur Mustafayev, əməkdar artist İsmayıl Ələkbərov da pandemiyadan vəfat edib.
Tanınmış həkim-kosmetoloq Fəridə Məmmədova, həkim-ginekoloq, “Ömür” klinikasının rəhbəri Gülnarə Sultanqızı da koronavirusun qurbanı olub.
Koronovirus media sahəsindən də xeyli can alıb. Tanınmış hərbi jurnalist Rəşad Süleymanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Əmrah Fəqanoğlu, fotojurnalist Fərman Bağırov, əməkdar jurnalist Etibar Babayev, Trend İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da bu virus səbəbindən dünyasını dəyişib.
2020-ci ilin əvvəlindən bu günə qədər ölkə olaraq virusun cənginə keçməmək üçün mübarizə aparırıq. Aramıza qoyduğumuz məsafələrə, qapadılan məkanlara, maskanı həyatımızın ayrılmaz parçasına çevirməyimizə baxmayaraq, koronovirusun yoluxma statistikası bu gün də ürəkaçan deyil. Dünyada cavan-yaşlı demədən insanları həyatdan qoparmağa davam edən pandemiyadan bu günə kimi 2 769 473 nəfər dünyasını dəyişib.