Koronavirusun yeni variantından özümüzü necə qoruyaq?
Hazırda dünyada, həmçinin region ölkələrində COVID-19 virusuna yoluxma hallarının kəskin artması müşahidə olunur. Məsələn qonşu Rusiyada son sutka ərzində 40 min yoluxma və 1159 ölüm faktı qeydə alınıb. Bu gündən isə bu ölkədə restoran və kafelər, fitnes-mərkəzlər, gözəllik salonları bağlanır, əksər müəssisələr onlayn işə keçir, 30 oktyabr - 7 noyabr isə qeyr-iş günü elan olunub. Türkiyədə isə gündəlik yoluxma sayı 26 mini keçib, 210 nəfər vəfat edib.
Bundan başqa, COVID-19 virusunun yeni mutasiyası, "delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.
Bir çox ölkələrlə müqayisədə isə Azərbaycanda vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan 45-cidir.
Həkim infeksionist Vasif Əliyev deyir ki, Azərbaycan vaxtında çevik və zəruri qabaqlayıcı addımlar atıb, postsovet ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkələrdən biridir. Buna görə də hazırda ölkədə vəziyyət nəzarət altındadır: “Dünya ölkələrində də xəstələrin sayında artım müşahidə olunur. Özəlliklə də qonşu ölkələrində rahat görə bilirik. Təbii ki, pandemiyanın başladığı ilk gündən etibarən virusun mutasiya olaraq çoxalması fərqli ştammların yaranması gözlənilən idi. Baxmayaq ki, yoluxma hallarının sayı artır, amma digər ölkələrlə müqayisədə biz daha yaxşı vəziyyətdəyik”.
İnfeksionist virusdan qorunmaq üçün yeganə vasitə olaraq insanların gigiyena qaydalarına riayət etməsi, sosial məsafə saxlanılması, qapalı məkanlarda maskadan istifadə olunmasının vacib olduğunu bildirir. Eyni zamanda vaksinasiya prosesi də sürətləndirilməlidir: “Dünyada bu bəla davam etdikcə insanlarda da qoruyuculuğun yaradılması mütləqdir. Bu baxımdan vaksinasiya prosesini sürətləndirərək vaksin olunmağa tələsməlidirlər. Çünki xəstəliyin hal-hazırda spesifik bir müalicəsi yoxdur. Yalnız fərdi qoruma vasitələridir. Passiv yolla immunizasiyanın yaradılmasıdır. Bu da vaksinlə mümkündür” .
Daha çox risk qrupunda olan, xüsusən xroniki xəstəliyi olan insanlar bu xəstəliyi daha da ağır keçirə bilirlər. İnfeksionist Vasif Əliyev virusdan qorunmaq məqsədi ilə hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunmasını, 3-cü doza vaksinasiyanın sürətləndirilməsinin zəruriliyini vurğulayır. İnfeksionist eyni zamanda gələcəkdə daha fərqli ştammların yarana biləcəyini də bildirir. Bu səbəbdən, yalnız peyvənd olunmaqla, orqanizmdə anticisim yaradaraq gələcəkdə yaranan digər ştammlardan qoruna bilərik.
Nərmin Murad,
Faiq Həsənov,
APA TV