Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qarşısında etiraz aksiyası
Bu gün bir qrup insan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin önündə etiraz aksiyası keçirib. Xırdalanda inşa edilən çoxmərtəbəli yaşayış binasında ev almaq istəyən bu şəxslər dələduzluqla üzləşdiklərini iddia edirlər. Deyirlər ki, "Proqress 2016” MTK tərəfindən tikilən binada mənzillərin hər biri bir neçə nəfərə satılıb. Onlar MTK-nın rəhbərliyi tərəfindən tapdanan hüquqlarının bərpa olunmağını və mənzillərinin onlara qaytarılmasını tələb edirlər.
Vətəndaşlar iddia edirlər ki, şirkət 1200 nəfərə ümumilikdə 13 milyon manat dəyərində maddi ziyan vurub. Onların istintaq orqanlarından xahişi budur ki, haqq-ədalət bərpa olunsun.
Məsələ ilə bağlı Baş Prokurorluğa ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, barəsində şikayət olunan “PROGRESS-2016” MTK-nın direktoru Emil Səməndərov və “Hayan E” MTK-nın direktroru Rafiq Nəsirov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı), Səməndərov Emil Tofiq oğlu isə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə ibtidai istintaq və vurulmuş zərərin ödənilməsi istiqamətində tədbirlər davam etdirilir. Həmçinin, qeyd olunan şəxslərdən şikayətçi olan vətəndaşlar qəbul edilərək dinlənilib. Hər bir müraciətə baxılaraq irəli sürülmüş tələblərin qanuni olub-olmaması, o cümlədən müvafiq tədbirlərin görülməsi təmin ediləcək.