Kosa və Keçəlin müasir atributları: “İnstagram”dan gələn sifarişlər - REPORTAJ
Bahar bayramının, Novruzun gəlməsinə saylı günlər qalıb. Bu gün isə xalqımız baharın gəlməsini bildirən və üçüncü – Yel çərşənbəsini qeyd edir.
APA TV xəbər verir ki, bayramda Novruz süfrəsinin xüsusi yeri olduğu kimi, Novruz xonçası da önəmlidir.
Xonça bəzəmək xalqımızın qədim adət-ənənələrindəndir. Əvvəllər sini üzərində qurulan xonçalar indi müasir şəkildə, ağaclardan hazırlanır.
Hər xonçanın dekorunda Azərbaycanın milli mədəniyyət nümunələri və Novruz bayramının adət-ənənələri əks olunur. Bayramın gəlişinə az müddət qalsa da, evimizdəki Novruz xonçaları bizə bayram əhval-ruhiyyəsini indidən yaşadır.
Uzun müddətdir müasir və rəngarəng xonçaların hazırlanması ilə məşğul olan Təhminə Babayeva deyir ki, hazırladığı əl işinə böyük maraq var.
Onun xonçalarında Novruzun əsas atributlarından olan Keçəl və Kosa, eləcə də kənd həyatını və yazın gəlişini bildirən digər atributlar yer alır: “Bu müasir xonçaların hazırlanması üçün müəyyən dekorlar edirik. Məsələn, kənd həyatını təsvir edirik, ağaclardan hasarlar düzəldirik. Dizaynı mən özüm edirəm. Əgər sifarişçi nəyisə dəyişmək istəyirsə, dəyişirik. Əgər dizaynımı bəyənirsə, elə həmin dizaynda sifariş edirlər”.
Əl əməyi, göz nuru olan Novruz xonçası isə belə ərsəyə gəlir: “Belə bir taxta kəsirik. Karton da istifadə edə bilərik, amma karton daha tez qırılır. Bu çubuqları da taxtanın üzərinə yapışdırırıq. Diqqət etmək lazımdır ki, bu çubuqların materialı keyfiyyətli olsun. Bəzi çubuqlara bir müddət sonra qurd düşə bilər. Evdə istifadə etdiyimiz üçün bunlara diqqət etmək lazımdır. Bunun hasarını bitirdikdən sonra içərisinə belə süni ot qoyuruq. Sonra atributları yerləşdiririk”.
Vətəndaşlar bu xonçaları əsasən Novruz bayramı ərəfəsində almağa başlayırlar. Xüsusi zəhmət tələb edən bu xonçaların hazırlanmasına 3-4 saat vaxt sərf edilir. Qiymətlər isə xonçanın həcminə və atributlarına görə dəyişir: “Xonçaların qiymətləri atributlarına görə dəyişir. Təkcə atributları alırıq. Burda nə varsa, hamısı əl işidir. Məsələn, bu xonça 65 manatdır, bu 55 manatdır, bu 35, o birisi isə 40 manatdır”.
Təhminə Babayeva deyir ki, Novruz süfrəsinin bəzəyi xonça artıq çərşənbələrdən hazır olmalıdır. Xonçada S hərfi ilə başlayan 7 nemət olmalıdır. Bunlardan başlıcası səmənidir. Səmənidən başqa bolluq və bərəkət mənası verən bəzi nemətlər də xonçada yer almalıdır. Novruzun atributlarından olan yumurta dünyanın yenidən canlanması mənasındadır və xonçanın bəzəyidir.
Hər il bayramqabağı müxtəlif sifarişlər alan Təhminə xanım deyir ki, müştərilərin əksəriyyəti öz sifarişlərini “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirirlər. Sosial şəbəkədə onu axtaran hər bir kəs “Novruz_xoncalarİ2020” adlı hesaba girməklə sifarişlərini verə bilərlər.
Bayram başa çatandan sonra isə xonçanın əsas atributunu - səmənini hara gəldi, atmaq olmaz. Səməni düz 13-cü gündə axar suya buraxılmalıdır.
Fatma Zahidqızı,
Əli Ələkbər,
APA TV