Kreml tərəfləri aqressiv ritorikadan çəkinməyə çağırdı – APA TV
Rusiyanın anklavlarla bağlı Azərbaycan və Ermənistan arasındakı məsələdə mövqeyi məlumdur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, bütün ərazi mübahisələri, qarşılıqlı iddialar istisnasız olaraq siyasi-diplomatik müstəvidə və yalnız siyasi-diplomatik metodlarla həll olunmalıdır.
“Biz tərəfləri bu mövzuda maksimal dərəcədə təmkinli olmağa, aqressiv ritorikadan çəkinməyə çağırırıq. Belə məsələləri, o cümlədən anklavların mübadiləsini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyalar çərçivəsində həll etmək lazımdır. Biz öz tərəfimizdən bu işə Rusiyada nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq” deyə Zaxarova əlavə edib. O, qeyd edib ki, analoji prinsiplər Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da tətbiq oluna bilər. Mariya Zaxarova qeyd olunan məsələ ilə bağlı məşğul olan Üçtərəfli İşçi Qrupun fəaliyyətini bərpa etməyə çağırıb.