Kremldən Paşinyana sülhməramlı təklifi - “Bu məsələni müzakirə edəcəyik”

“Rusiya sülhməramlıları Laçın dəhlizindəki öhdəliklərini yerinə yetirmirlər”.

 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında deyib. O əlavə edib ki, sülhməramlılar Laçın dəhlizini nəzarətdə saxlamalıdırlar.

Baş nazir Rusiya sülhməramlılarından gileyləndikdən sonra Azərbaycanı da 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını pozmaqda günahlandırıb.

 

“Bizim sülhməramlılarımıza qarşı belə münasibət qəbul olunmur”

 

Bunu isə Rusiya xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova bugünki brifinqdə çıxışı zamanı Paşinyana cavabında deyib. O bildirib ki, Rusiya Sülhməramlıları Laçın dəhlizinə nəzarət missiyasını yerinə yetirirlər və əlavə edib ki, bölgədə baş verən gərginliklərin stabilləşdirilməsinə Rusiya sülhməramlıları vasitəsilə nail olunub.

 

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov da Paşinyanın çıxışına fikir bildirib və qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlıları müstəsna olaraq üçtərəfli razılaşmaya uyğun hərəkət edir: “Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişin və əmin-amanlığın təmin edilməsi üçün mümkün olan hər şeyi edirlər. Və onlar yalnız tərəflər arasında imzalanmış müvafiq sənədlərin ruhuna və hərfinə uyğun hərəkət edirlər”.

 

O əlavə edib ki, rəsmi Moskva erməni tərəfi ilə bu mövzunu müzakirə etməyə davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv