Küçə iti azyaşlı qız ilə qadının üzünü parçaladı

Tovuzun Xatınlı, Əlimərdanlı, Qədirli, Qaraxanlı və Aşağı Öysüzlü kəndlərində sahibsiz itlər yerli sakinlərə hücum edib. Təkcə bir gün ərzində 11 nəfər kənd sakini itlərin  hücumuna məruz qalaraq xəstəxanalıq olub.

İtlər hətta küçədə adam az olanda qapısı açıq həyətlərə belə daxil olur. Növbəti belə hadisə zamanı itlər qapısı açıq qalmış həyətlərə soxularaq sakinlərə hücum edib. Nəticədə bir neçə azyaşlı uşaq xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

İt dişləməsi nəticəsində xəsarət alan 1990-ci il təvəllüdlü Faqət Paşayeva, 2014-cü il təvəllüdlü Güllər Əliyeva, 1961-ci il təvəllüdlü Zivər Əliyeva, 1979-ci il təvəllüdlü Fazil Fərəcov,  2014-cü il təvəllüdlü Cavid Mustafayev,  1994-cü il təvəllüdlü Xuraman Əsgərova, 2017-ci il təvəllüdü Fərid Məmmədli, 1997-ci il təvəllüdlü Aygün Əliyeva, 2005-ci il təvəllüdlü Zərifə İbrahimova, 1953-cü il təvəllüdlü Səkinə Muradova,  1957-ci il təvəllüdlü Raya Qasımovaya Tovuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Bir neçə xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. 

Sakinlərin sözlərinə görə, artıq mövcud təhlükə mənbəyi ilə əlaqədər rayonda aidiyyatı üzrə bütün strukturlara müraciət ediblər. 
Lakin sahibsiz itlərin qarşısı alınmayacağı təqdirdə bənzər xoşagəlməz halların gələcəkdə də baş verməsi istisna edilmir.

Müəllif | Apa.Tv
Apa.tv