Küçədə səs-küy saldı, etiraz edənin boğazını kəsdi - AĞSTAFADA QƏTL HADİSƏSİ BAŞ VERİB
Ağstafa rayonunda qətl hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini, 1991 ci il təvəllüdlü Heydanov Tural Misir oğlu sözügedən kənddə küçədə səs-küy salıb. Bu zaman kənd sakini olan 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib. Bu zaman hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə Tural Heydanov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Ağstafa rayon Prokurorluğu rayon ərazisində törədilən qətl hadisəsi barədə məlumat yayıb.
İyunun 14-də gecə saat 01 radələrində rayonun Dağkəsəmən kənd sakini 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun həmkəndlisi 1992-ci il təvəllüdlü Tural Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.
Tural Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.