Küçədə tapılan 5 yaşlı qızın valideynləri axtarılır - SOS

Gecənin qaranlığı, küçədə tənha bir qız uşağı... Ağlamır, sakit-sakit hamını süzür.  Ətrafdan keçənlər isə təşvişlə bu balaca qıza baxır. Kimdir, burada tək tənha nə edir - bilən yoxdur. Sakinlər polisə məlumat verir.

 

APA TV xəbər verir ki, əraziyə Xətai Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru gəlir. Balaca qızla söhbət zamanı məlum olur ki, adı Nərgizdir, 4 və ya 5 yaşı var. Dediyinə görə onu, anası həmin ərazidə qoyub gedib:

 

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə uşağı görənlərə istinadən deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib: “Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.

 

Kəmalə Ağazadədən onu da öyrəndik ki, balaca qız tapılan zaman çox baxımsız vəziyyətdə olub: “Uşağın bədənində hər hansı zorakılıq izləri yox idi. Amma uşağı tapıb bizə təhvil verəndə, elə bir natəmiz vəziyyətdə idi ki, biz onu çimizdirdik, amma saçları o qədər bir-birinə dolaşmış, bit içində olduğundan, biz onu təmizləyə bilmədik. Məcbur qalıb saçlarını kəsdik”.

 

İctimai birliyin sədri deyir ki, sığınacağın işçiləri balaca Nərgizlə söhbətlər aparsalar da, hələ ki, uşaq haqqında dəqiq məlumat ala bilməyiblər: “Burdan getmək haqqında ona bildirəndə səsinin tonunu qaldırıb getmək istəmədiyini deyir. Bu da onu göstərir ki, uşaq qayğıdan uzaq böyüyüb. Uşaq ailəsi haqqında heç bir məlumat vermir. Ehtimal olunur ki, bəzi şeyləri bilir, amma gizlədir. Bu da ola bilsin ki, zamanında təhdid olunub. Burada adaptasiyası hələ ki, bir həftə sürəcək”.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyi, Baş Prokurorluq, Xətai rayon Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Nərgiz nəzarətə götürülüb. Uşağın sığınacağa verilməsi haqqında sərəncamın imzalanması üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciət edilib.  

 

Qəribədir, 9 ay bətnində böyüt, 5 il bax, sonra tərk et, qeybə çəkil. Bəlkə də həmin körpə qızcığaz küçəyə atılan anda kimlərsə dizini yerə atıb Allahdan uşaq diləyirdi. Bəlkə də elə o anda hansısa qadın uşağı olmadığına görə boşanmaq təhlükəsi ilə üz-üzə idi. Bəlkə də elə həmin anda hansısa  carəsiz ana qızdırmanın içində yanan uşağının əvəzinə özünün canını Allaha təklif edirdi. 5 yaşlı körpə qız uşağını taleyin ümidinə buraxmaq hansı vicdana sığır? Axı o, gələcəyin müəllimi, həkimi və ən əsası, anasıdır.

  

İlahə Vəliyeva,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv