Külək və günəşdən enerji alıb sata biləcəyik: Hər kəs qazanacaq - APA TV

Azərbaycanda 2030-cu ilə qədər təbii enerji mənbələrinin 30 faizə çatdırılması, azad olunmuş torpaqların “Yaşıl enerji” ilə təmin edilməsi nəzərdə tutulur.

 

Mütəxəssislər bildirirlər ki, Azərbaycan bərpaolunan enerji növlərinin istehsalı üçün uyğun coğrafi mövqeyə malikdir. Dənizkənarı ərazilərimiz və dağlıq bölgələrimizin küləkli, ölkəmizin ümumilikdə, günəşli, çayların bolsulu olması yeni enerji obyektlərinin inşa edilməsinə imkan verir.

 

Bu üstünlüklər kammunal vergilərdə qənaətə, həm də əlavə gəlir mənbəyinin yaranmasına səbəb ola bilər.

 

Belə ki, yaxın gələcəkdə Azərbaycan vətəndaşları təbii enerji hasili ilə məşğul olub, onun satışını həyata keçirə biləcəklər.

 

İl ərzində 1 mlrd. kubmetr qaz qarşılığında 5 mlrd. kv/saata yaxın elektrik enerjisi əldə edirik. Enerji sahəsi üzrə ekspert İlham Şabanın fikrincə, tükənən enerjiyə qənaət etmək üçün alternativ mənbələrdən, yəni günəş və ya külək panellərindən istifadə etməliyik.

 

“Daxili bazarda qiymətlər dövlət tərəfindən tənzimlənir, istər topdansatış qiymətləri olsun, istərsə də pərakəndə satış qiymətləri olsun. Topdansatış qiyməti 1kv/saat üçün 5.5 qəpikdir. Yəni 1mlrd kv/saat 55 mln manat pul edir. Bu cür yanaşmaq lazımdır, sırf daxili bazar üçün əgər biz onu alırıqsa alternativ günəş mənbələrindən azərenerji və yaxud da digər şirkətlər onlar daxili bazarda 1mlrd kv/saat elektrik enerjisini ordan aldılar, satdılar, 55 mln manat qazandılar”

 

Ekspertin sözlərinə görə, alternativ enerjidən istifadə olunarsa, 1mlrd. kv/saata 200 mln kubmetrdən daha az qaz sərfiyyatımız olar.

 

Deputat Aydın Hüseynov isə düşünür ki, ölkəmizdə təbii enerji hasili inkişaf edərsə, xarici ölkələrə ixrac şəraiti yarana bilər. Bunun isə iqtisadiyyatımıza müsbət təsirləri gözləniləndir.

 

“Həm dövlət tərəfindən bu istiqamətə qayğının göstərilməsi, eləcə də, vətəndaşlarımız tərəfindən bərpaolunan enerjidən istifadə olunması, bunların realizə edilməsi istiqamətində də vətəndaşın iştirak etməsi çox məqbuldur. Birinci, bu ölkənin strategiyasının da bir tərkib hissəsidir ki, biz getdikcə, qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın, kiçik və orta biznesin daha da inkişaf etdirilməsi, ölkə iqtisadiyyatında önəmli bir rol oynaması ilə bağlı dövlətin bu kimi layihələri var ”

Aydın Hüseynov bildirdi ki, “Yaşıl enerji”nin inkişafı kiçik və orta biznesin formalaşması, həmçinin ekoloji baxımdan sərfəlidir.

Qeyd edək ki, hazırda, “Yaşıl enerji” sahəsi üzrə qəbul olunmuş konkret qərar yoxdur. Lakin yaxın zamanda bu sahədə yeni qanunların və qərarların qəbul ediləcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv