Külək, yağış, şaxta - HAVA PROQNOZU
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) noyabrın 20-də gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Sabah ölkənin qərb rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Noyabrın 20-22-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi, rütubətin artacağı, temperaturun isə aşağı enəcəyi proqnozlaşdırılır ki, bu da meteohəssas insanların səhətində narahatlıq yarada bilər.