Külli miqdarda vəsait kitabxanalarda necə yoxa çıxır

Azərbaycanda Mədəniyyət Nazirliyinin balansında 2512 kitabxana fəaliyyət göstərir. Hər il bu kitabxanaların saxlanılması üçün külli miqdarda vəsait xərclənir. Üstəlik, kitabxanalarda çalışanların maaşlarını da bura əlavə etsək, büdcədən bu sahəyə kifayət qədər vəsaitin ayrıldığının şahidi olarıq. Məsələyə bu müstəvidən baxanda hər şey qaydasında görünür. Əslində isə vəziyyət olduqca acınacaqlıdır və kitabxanların saxlanılması üçün ayrılan pulların aiddiyyəti üzrə xərclənib xərclənməməsi şübhə yaradır. Gəlin öncə vəziyyətə paytaxt sakinlərinin dilindən aydınlıq gətirək. Bəli, bu hələ Bakıdır. Rayonlarda, kənd yerlərindəki kitabxanalarda isə vəziyyət daha acınacaqlıdır. Binaların əksəri uçmaq üzrədir. Normal istiliklə təchiz edilmirlər. Kitabları toz basıb. Nə oxucu zalları var, nə də müasir texnologiyalardan xəbərləri. Əksər kənd kitabxanalarının qapısı ildə bir-iki dəfə açılır. Bu kitabxanlara nəinki oxucular, heç işçilər də davamlı baş çəkmirlər. İşçi demiş... Bu sahədə də kifayət qədər problemlər var. Ən başlıca problem də işə götürülən şəxslərin bu sahə üzrə ixtisaslaşmaması, kimlərinsə qohum-əqrabası olmasıdır. Çoxunun heç normal orta təhsili belə yoxdur. Dövlət isə bu şəxslərə aybaay maaş ödəyir. Bütün bunlar azmış kimi əslində illərdir qətiyyən fəaliyyət göstərməyən, lakin işçiləri əmək haqqı alan kənd kitabxanaları da mövcuddur. Kənd sakinləri deyirlər ki, vaxt azlığından kitab oxuya bilmirlər. Kəndin isə bircə kitabxanası, bu kitabxananın da bircə işçisi var. Elə Şirvan şəhərinin Çılpaqlı qəsəbəsindəki kitabxanın da 20 ildir ki, adı var özü yox. Qapısı mismarlı olan kitabxananın işıq düşən pəncərələrini də hörgü ilə hörüblər. Çılpaqlının çılpaq qalan kitabxanasının işçilərini də ixtisar ediblər. Kitabxanalara maraq Qəbələ rayonunda da olduqca aşağı səviyyədədir. Rayon kitabxanasına gün ərzində 20-30 nəfər müraciət edir ki, bunlarında əksəriyyəti dərsliklərlə bağlıdır. Ucarda fəaliyyət göstərən kitabxanalarda da ümumi vəziyyət ürəkaçan deyil. Rayon üzrə ümumilikdə 38 kitabxana fəaliyyət göstərir. Demək olar ki, oxucusuz. Binalar isə uçuq-sökük. Eyni vəziyyət Lənkəran, Astara, Lerik, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və s. rayonlarda da hökm sürməkdədir. Mədəniyyət Nazirliyindən hər il kitabxanaların saxlanması üçün nə qədər vəsait xərcləndiyini öyrənməyə çalışdıq. Aldığımız cavab isə çox maraqlı oldu: “Bu açıq informasiya deyil”. Maraqlıdır, dövlət büdcəsindən maliyyələşən bir qurumun xərcləri niyə gizli tutulmalıdır? Axı kitabxana hansısa məxfi idarə deyil. Ona xərclənən vəsait niyə xalqdan gizlədilməlidir? Bizi maraqlandıran əsas suallara cavab ala bilməsək də, nazirlikdən bildirildi ki, ölkə ərazisindəki kitabxanaların mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi üçün monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub. Deputat Etibar Əliyevin fikrincə, oxucuların kitabxanaya marağının artırılması üçün həvəsləndirici layihələr hazırlanmalı və yerli sakinlər bu layihələrə cəlb edilməlidir. Kulturoloq Fuad Məmmədov isə deyir ki, bunun üçün cəmiyyətdə intellektual mədəniyyətin rolu artırılmalıdır. Və sonda... Kitabxana lazımdırmı? Bəli. Bəs adı olub, özü olmayan, saxlanmasına nə qədər vəsait xərcləndiyi açıqlanmayan, qapısı ildə bir dəfə açılan kitabxana lazımdırmı? Xeyr. Ya çoxdan canını tapşırmış bu sistem yerli-dibli ləğv edilməli, büdcənin yükü azaldılmalıdır, ya da kitabxana öz adının sanbalına uyğun fəaliyyət göstərməlidir. Son 30-35 ildə bu sahədəki yarıtmaz fəaliyyət ümidlərimizi nə qədər azaltsa da, hər kəs ikinci məqamın tərəfdarıdır.

Müəllif | Apa.Tv
Apa.tv