Kür çayında suyun səviyyəsi düşüb – FERMERLƏR SUSUZLUQDAN GİLEYLƏNİR

Bu il yağıntının miqdarının az olması Kür çayının suyunu azaldıb.  

APA TV xəbər verir ki, ötən illə müqayisədə çayda suyun səviyyəsi enib. Bu, əsasən Kürün aşağı axınında - Sabirabad, Salyan, Saatlı və Neftçala ərazilərində özünü qabarıq büruzə verir.

Kür çayında suyun səviyyəsinin aşağı düşməsi kürətrafı ərazilərdə, əsasən də Mil-Muğan bölgəsində suvarma və içməli su problemi yaradıb. Sabirabad rayonunun Polad Toğayı kəndinin timsalında Kürətrafı kəndlərin əksəriyyətində bu hal yaşanır. Kənd sakinləri Fuad Həmidov deyir ki, su probleminin əsas səbəbi nasosların zəif olmasıdır: “8 hektar torpaq əkmişəm, su problemi var. Vaxtında sulaya bilmirik yerimizi, vaxtında məhsul götürə bilmirik, gec sulandığından iş-işdən keçir, sulamağa ehtiyac qalmır. Ona görə də su məsələsini həll eləsələr yaxşı olar. Su nasoslarının gücünün az olması, zəif olması ucbatından bu dərəcəyə gəlib çıxır”.

Müşfiq Cəfərovun sözlərinə görə, Kürün səviyyəsi keçən illə müqayisədə çox aşağı düşüb: “Amma bir şey də var ki, su nasoslarını düzəltsələr, daha güclü nasoslar quraşdırsalar vəziyyət yaxşı olar. Su problemi yaşanmaz. Suladığımız vaxt bir də görürük ki, arxası kəsildi, gəlmədi. Niyə kəsildi, çünki baxan yoxdur. Müxtəlif səbəblərdən su olmur, kanalların vaxtında təmizlənməməsi, elektrik enerjisində partlayışlar və sair su problemləri yaradır”.

Saməddin Məmmədov 20 hektar sahədə pambıq əkib: “Əziyyət çəkmişəm, suvarmalıyam, su yoxdur. Bilmirəm əkini necə sulayacam. Bilmirəm kollektordan (şor su ilə), yoxsa kür çayından sulayım. Kürdə su var, deyirəm niyə bu nasosu 20-lik eləmirsən ki, biz də suvarmanı edə bilək. Bəhanə edirlər nasos yanıb. Nasoslar aşağı səviyyədə olduğundan lazımdı 20-lik olsun. Belə olsa sakinlər narazılıq etməz”.

Pambıq əkini ilə məşğul olan Elman Rəsulov bildirir ki, əgər suvarma sistemi belə davam edərsə kənd sakinləri müqavilə bağladıqları şirkətlərə borclu qalacaqlar: “Kəndin 731 hektar əkin sahəsi var. Bunun 180 hektarı pambıq sahəsidir, qalan hissəsində yonca və bostan bitkiləri əkilir. O cümlədən kəndin 431 ev təsərrüfatı var. Bütün bunlar hamısı bu kanalın üstündədir. Burdan da gedən su kənd evlərini belə idarə edə bilmir. Qaldı biz müqavilə bağlamışıq, şirkətlərlə, pambıq əkinləri bu dəqiqə çöldə susuzluqdan yanır. Bu dəqiqə sahələrə su lazımdı. Sabah sakinlərin bu şirkətlərə borcu qalacaq. Əgər indidən bu su haqqında tədbir görülməsə vəziyyət acınacaqlı olacaq”.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov isə problemin nasoslarda deyil, çayın səviyyəsinin aşağı düşməsində olduğunu bildirir: “Bizim üzən nosos stansiyalarımız var. Kürdən suyu çəkib kanallara vurur. Kürün səviyyəsi düşdüyü üçün də o nasoslar suyu çəkib götürə bilmir. Ən böyük problemlərdən biri bundan ibarətdir. Problemin həlli üçün təbii ki, biz kürün səviyyəsini qaldıra bilmərik. Bu təbii bir prosesdir. Yağıntı olmalıdır ki, səviyyə qalxsın. Amma bu o demək deyil ki, yağış yağmadısa biz susuz qalmalıyıq. Bunun üçün biz yuxarı distansiyalara təkliflər hazırlamışıq. Çoxlu su tutarlar yaradılsın, su anbarları tikilsin. Yağıntıların bol olduğu vaxta o sular toplana bilsin”.

Məsələyə münasibət bildirən AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə müavini Məhərrəm Həsənov isə qeyd edib ki, Kür çayının səviyyəsinin düşdüyü rayonlarda Xəzər dənizinin suyu ilə çay suyu qarışır, nəticədə buranın suyu azalmasa da, tamamilə şoranlaşmış olur. Vəziyyəti həll etmək üçün bir çıxış yolu var, oda çayda təmizləmə işlərinin aparılmasıdır: “Kür çayının deltasında təmizləmə işləri aparılmalıdır. Delta təmizlənməlidir. Səviyyəsi aşağı salınmalıdır ki, Kürdən gələn az su belə Xəzərin suyunu qova bilsin. Bu əhaliyə, sənayeyə, təsərrüfata mənfi təsir göstərən amildir”.

Məhərrəm Həsənov onu da qeyd edib ki, Kürün suyunun azalmasının digər səbəbi qonşu ölkələrin bu sudan həddindən artıq çox istifadə etməsidir.

Əlibəy Zeynallı

İsa İsmayılov

Mirçingiz Ağazadə

Üzeyir Ağayev

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv