Kürdə batan kişinin meyiti tapılıb

Kür çayının Ağcabədi rayonundan keçən hissəsində batan Zərdab sakininin meyiti tapılıb. 7 gün öncə Kür çayında batan qızını xilas etmək istəyən atanın meyiti bu gün səhər saatlarında Zərdab rayonunun Pərvanlı kəndində tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Azyaşlı qızın axtarışları müvafiq qurumlar tərəfindən davam etdirilir. Qeyd edək ki, 12 Aprel 2024-cü il axşam saatlarında Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində nəzarətsiz qalan azyaşlı, 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlı suya düşüb. Azyaşlının atası, 1993-cü il təvəllüdlü Vaqif Tahir oğlu Süleymanlı qızını xilas etmək istəyərkən özü də suda batıb. Hadisədən dərhal sonra ata və qızın batdığı ehtimal olunan ərazilərdə FHN-in Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Qarabağ Regional qüvvələri tərəfindən axtarış - xilasetmə əməliyyatı həyata keçirilib.

Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv