Kürdəmir zəlzələ nəticəsində fərdi yaşayış evləri qəzalı vəziyyətə düşüb

Ötən gün Kürdəmir rayonunda qeydə alınan zəlzələ zamanı rayon ərazisində xeyli sayda fərdi evə ziyan dəyib. Zəlzələ Kürdəmir stansiyasından 14 km cənubda, 52 km dərinlikdə hiss edilib. Zəlzələnin təsirindən bir sıra fərdi yaşayış evlərinin daxili və xarici divarlarında çatlar yaranıb. Episentrə yaxın yaşayış məntəqələrində daha çox fəsad qeydə alınıb. Ərəbxana kəndində isə bir evin tavanı zədələnib. Qismən çökmə baş verib. Sakinlərin sözlərinə görə, bu evlərdə yaşamaq artıq təhlükəlidir. Qəzalı vəziyyətə düşən evlər əsasən kərpicdən tikildiyindən daha çox zərər görüb. Rayon ərazisində artıq xüsusi komissiya yaradılıb. Aidiyyəti qurumlar evlərə baxış keçirir, zərər görmüş evləri qeydiyyata alırlar. Artıq 100-dən çox müraciət qeydə alınıb. Qeyd edək ki, ilk yeraltı təkanlar ötən gün axşam saat 20:35 radələrində qeydə alınb, zəlzələnin gücü 5.2 bal olub. Daha bir yeraltı təkan isə bu gün gecə saat 01:19 radələrində baş verib. Üç bal gücündə olub və hiss edilməyib. Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv