Kürdəmirin bu kəndində xəstəsi olan həkimi evə çağırır

Kürdəmir rayonunun Şilyan kəndinin tibb məntəqəsi bərbad vəziyyətdədir.

Ötən əsrin sonlarında 3 hektar olan ərazidə tikilən bu binanın kənd xəstəxanası kimi fəaliyyət göstərməsi nəzərdə tutulub. Lakin binanın tikintisi başa çatdığı vaxt məcburi köçkünlər əsas binada məskunlaşıb. Bu səbəbdən də kənd xəstəxanası yardımçı binada fəaliyyətə başlayıb. Elə o vaxtlardan Şilyan kəndindəki xəstəxana məntəqə kimi yardımçı tikilidə insanlara xidmət edib.

Məcburi köçkünlər 2006-cı ildə binadan başqa yerə köçürülüb. Amma tikili baxımsızlıq ucbatından xəstəxana üçün yararsız hesab edilib. Bir neçə otaqdan ibarət olan binanın tavanı çöküb, döşəməsi tamamı ilə yararsız, qapı-pəncərələr istismar müddətini başa vurub və divarları bir-birindən xeyli aralanmış vəziyyətdədir. Tikili o qədər təhlükəli bir vəziyyətdədir ki, uçmasın deyə divarlara bir neçə yerdən dayaqlar qoyulub.

Sakinlər deyir ki,  xəstəmiz olanda əlacsız qalıb məntəqəyə gəlirik: “Onda da Allaha yalvarırıq ki, bina başımıza uçmasın, sağ-salamat evimizə, ailəmizin yanına qayıdaq. Bu səbəbdən də son zamanlar həkimləri evə çağırmalı oluruq”.

Məntəqədə 10 nəfərdən ibarət tibbi heyət çox çətin bir vəziyyətdə, öz həyatlarını riskə ataraq vəzifə borclarını yerinə yetirirlər.

Məsələ ilə bağlı TƏBİB ilə əlaqə saxladıq. Qurumun sözçüsü Zamirə Ədilova bildirdi ki, adı çəkilən kənd tibb məntəqəsi ilə bağlı aidiyyəti üzrə müraciət olunub.

Qeyd edək ki, tibb məntəqəsi Şilyan və Qarasu kəndindən olan, ümumilikdə, 12 minə yaxın əhaliyə xidmət edir.

Müəllif | Apa.Tv
Apa.tv