Kürdəmirin yeni işıq sistemi: Üstü açıq kabellər, çürük dirəklər

Kürdəmir sakinləri elektrik kabellərinin düzgün quraşdırılmadığından şikayətçidir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Pirili kənd sakinləri ölüm saçan elektrik kabellərinin yerdən bir qədər yuxarıdan getdiyini deyirlər. Onların sözlərinə görə, uzun müddət hava bir balaca dəyişən kimi işıq üzünə həsrət qalan kənddə indi elektrik enerjisi ilə təchizatla bağlı bir problem qalmasa da camaat allah-allahla gəzir. Kabellər hər gün bir qədər də aşağı sallanır. Azyaşlı uşaqlar məktəbə gedəndə və yaxud da nəzarətsiz qalan kimi gedib kabeldən sallanırlar. Kabellərin üstü isə bəzi yerlərdə hətta açıqdır.

 

Sakinlər deyir ki, kabelləşmə vaxtı çox yerdə dirəklər dəyişilməyib. Hamısı çürüyüb gedir. Yüksək gərginlikli transformatorun mühafizə çəpəri yoxdur.

 

 

Məsələ ilə bağlı üz tutduq “Azərişıq” ASC-nin yerli idarəsinə. İdarənin baş mühəndisi İxtiyar İmanov APA TV-nin yerli bürosuna bildirib ki, yaranmış problemdən xəbərdardırlar. Onun sözlərinə görə, adıçəkilən kənddə kabelləşmə işləri aparılıb. Sadəcə olaraq hələ işlər tam yekunlaşmayıb. Bu səbəbdən də sakinlər haqlı olaraq narazıdırlar. Məsələ rəhbərliyin diqqətindədir.    
 

Zahid Abışov, Devran Əsgərov, APA TV 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv