Kürün sahilinə yeyib-içməyə gedənlərdən ikisi suda batdı

Tovuzda 2 nəfər Kür çayında batıb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayondan keçən hissəsində qeydə alınıb.

 

Belə ki, rayonun Avılbəyli kənd sakinləri çayın sahilinə istirahətə gedib və yeyib-içdikdən sonra çayda çimmək üçün suya giriblər. Bu zaman Avılbəyli kənd sakini, 1986-cı il təvəllüdlü Abbas İsmayılov çayda batıb. Onun boğulduğunu görən həmkəndlisi, 1974-cü il təvəllüdlü Namiq Həsənov onu xilas etməyə çalışsa da hər ikisi suda batıblar. Həmin vaxt Namiq Həsənovun azyaşlı oğlu da atasını xilas etmək üçün suya atılıb. Lakin onu boğulmaqdan son anda yaxındakı adamlar xilas edib.

 

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Hələ ki, suda batan şəxslərin meyiti tapılmayıb.

 

Faktla bağlı araşdırma aparılır

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv