Kuryer 28 kq uyuşdurucu vasitə ilə saxlandı
Xaricdə yaşayan narkotacirə kuryerlik edən Astara sakini saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Astara sakinindən 28 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, əlavə olaraq narkotik tərkibli həblər aşkarlanaraq götürülüb. Əməliyyat nəticəsində Astara rayon sakini Teymur Əliyev sərnişin qismində olduğu taksi fəaliyyəti göstərən avtomobildə saxlanılıb. Həmin avtomobilin yük yerindən Teymur Əliyevə məxsus 11 kiloqram 530 qram heroin, 2 kiloqram 460 qram tiryək, 10 kiloqram 545 qram qurudulmuş marixuana, 4 kiloqram 220 qram metamfetamin və 4560 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs narkotik vasitə və psixotrop maddəni xaricdə yaşayan narkotacir vasitəsilə əldə edib və onun dediyi yerlərə çatdırılmasını təmin etməli imiş.
Astara polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər əməliyyatla saxlanılan Lənkəran rayon sakini Farid Zahirlinin üzərindən də hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Astara