Kustar üsulla spirtli içkilərin istehsalı ilə məşğul olan şəxslərin evinə baxış keçirildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin iyun-iyul aylarında Cəfərov Xəlqani Əfqan oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cavanşir küçəsi, ev 60 və Həsənov Tapdıq Qarakişi oğlunun qeydiyyatda olduğu Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, ev 80 ünvanında yerləşən mənzillərinə məhkəmə qərarları əsasında baxış keçirilib.
Dövlət Vergi Xidmətindən APA TV-yə verilən məlumata görə, həmin nəzarət tədbirlərində X.Cəfərovun kustar üsulla spirtli içkilərin istehsalı ilə məşğul olması faktı öz təsdiqini tapıb, həmçinin aparılan operativ tədbirlər nəticəsində eyni fəaliyyətlə məşğul olan T.Həsənovun da cinayət əməlləri ifşa olunub.
Lakin kustar üsulla spirtli içkilərin istehsalı faktları üzrə hər iki şəxs barəsində ilkin istintaqın aparılmasına baxmayaraq, onlar tərəfindən vətəndaşların sağlamlığına zərər vuran qanunsuz fəaliyyətin davam etdirilməsi ilə bağlı istintaqa yeni məlumatlar daxil olub. Bütün bunları nəzərə alaraq, 2021-ci ilin yanvar ayının 25-də həmin şəxslərin qeydiyyatda olduqları ünvanlarda nəzarət tədbirləri keçirilib. Tədbir zamanı X.Cəfərovun evində kustar üsulla hazırlanmış 10 ədəd aksiz markası ilə markalanmamış, 6 ədəd saxta aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 488 ədəd saxta aksiz markası və istifadə olunması nəzərdə tutulan 1685 ədəd butulka aşkar olunub. T.Həsənovun evində keçirilmiş tədbir zamanı isə kustar üsulla hazırlanmış 27 ədəd aksiz markası ilə markalanmamış, 159 ədəd saxta aksiz markası ilə markalanmış, o cümlədən 3 ədəd xarici ölkənin aksiz markası ilə markalanmış alkoqollu içki, həmçinin 8 ədəd saxta aksiz markası, istifadə olunması nəzərdə tutulan 907 ədəd butulka aşkar olunub.
Aşkar edilmiş faktlar protokollaşdırılıb, Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində istintaq materiallarına əlavə edilib.