“Laçın” sərhəd buraxılış məntəqəsində son vəziyyət necədir - APA TV-nin reportajı
Bəli! Bura “Laçın” sərhəd buraxılış məntəqəsidir.
İndi burda Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayırlar. Azərbaycanın bu fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır, separatçıların növbəti təxribatlarının qarşısını alır.
Xankəndi-Laçın yolunun başlanğıcında yaradılan sərhəd-buraxılış məntəqəsindən təkcə ermənilər deyil, Rusiya sülhməramlıları, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları sərbəst şəkildə keçə bilirlər. Bu da imkan verir ki, Qarabağda yaşayan, Azərbaycan vətəndaşları olan ermənilər tibbi xidmətlərdən məhrum olmasınlar, digər humanitar məsələlərdə korluq çəkməsinlər.
Sərhəd buraxılış məntəqəsində həm də xanım sərhədçilər xidmət göstərirlər. Yolçular növbə ilə qeydiyyat pəncərəsinə yaxınlaşaraq sənədlərini Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təqdim edirlər. Yoxlamadan sonra rahat şəkildə yollarına davam edirlər.
7 gün, 24 saat fasiləsiz fəaliyyət göstərən sərhədçilərimiz Rusiya sülhməramlı kontingentinə məxsus yük maşınlarını, Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərini nəzarətdən keçirdikdən sonra Ermənistana və əks istiqamətə maneəsiz keçidlərinə şərait yaradırlar.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
HABİL ASLANOĞLU MÜXBİR