“Laçın” Xəzərə qovuşdu - İLK MİLLİ TANKERİMİZ DÜNYA SULARINDA

Qarabağdan bir ovuc torpaq götürüb Xəzərə atdıq... Söhbət ilk milli tankerimiz - “Laçın”dan gedir. Dünya sularında üzəcək bu gəmi Azərbaycanın bütövlüyünün rəmzi, həqiqətin carçısı olacaq.

“Özünəməxsusluğu ilə seçilən “Laçın” adlı bu gəmi Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. 15 nəfərlik heyətə malik olan gəminin uzunluğu 141, eni isə 16,9 metrdir. Gəmi əsasən xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub”.

 

“Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerimiz artıq istismara verilib. Saatda 10 uzel sürətlə üzən, ümumi tutumu 9212 kubmetr olan tanker 6 yük tankına malikdir: “Yük həcmi 7875 tondur. Yükü neft məhsulları olacaq. Bu tanker həm çayda, həm də dənizdə üzə bilər. Su oturumu da azdır. Bununla da Volqa-Don kanalı ilə yükü Xəzər dənizindən Qara dənizə çıxara bilər”.

 

“Laçın” tankeri ilə təkcə Xəzərdə neft və neft məhsullarının daşınması həyata keçirilməyəcək, həmçinin Volqa-Don, Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınması təmin ediləcək. Hazırda Bakı Gəmiqayırma Zavodunda Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) sifarişi ilə daha üç belə tankerin tikintisi davam edir.


Bu da son deyil. Daha bir gəmi startdadır: “RoPax tipli “Azərbaycan” bərə-gəmisinin tikintisi hazırda davam etdirilir. Artıq suya salınan gəminin tikintisinin növbəti mərhələsinə keçilib. Təxminən bir neçə aydan sonra gəmi istismara veriləcək”.

 

Gələn ilin mayında istismara veriləcək gəminin gövdə hissəsinin inşası başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Uzunluğu 154,5 eni 17,7 metr, sürəti isə 14 uzelə bərabərdir. 30 nəfərlik heyətə malik olan gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişini daşımaq imkanına malikdir. Gəmi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin nəqlinə töhfə verəcək.

 

Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirdi ki, qurum Xəzər dənizində ən böyük donanmadır: “2013-cü ildən bəri donanmaya 20 gəmi daxil edilib. Gəmilər həm Bakı Gəmiqayırma zavodunda tikilən, həm də alınan gəmilərdəndir. Amma donanmanın yenilənmə proqramına uyğun olaraq yaxın 10 ildə daha 70 müxtəlif tipli gəminin Bakı Gəmiqayırma Zavodunda tikilərək və digər şirkətlərdən alınaraq cəlb olunması gözlənilir”.

 

Qeyd edək ki, gəmilərin 70 faizi ASCO-un mənfəəti, digər 30 faizi isə dövlət investisiyası hesabına maliyyələşir.

 

Müəllif | Apa.Tv
Apa.tv