13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Laçın yaylaqlarına arıçılıq təsərrüfatlarının köçürülməsi başa çatıb

Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb.

 

Kənd Təsərrüfatı Nazirliyindən APA TV-yə verilən məlumata görə, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib.

 

Bununla da azad olunmuş ərazilərə köçürülmüş arı ailələrinin ümumi sayı 4068-ə çatıb. Kəlbəcər rayonunun yaylaqlarına 3537, Laçın yaylaqlarına isə 531 arı ailəsi olmaqla, ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib. Eyni zamanda iyun ayında 6 qoyunçuluq təsərrüfatı Kəlbəcər yaylaqlarına köçürülüb.

 

Arıçılıq və qoyunçuluq təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürülməsi Prezident Administrasiyasının koordinasiyası ilə həyata keçirilir.

 

Laçın yaylaqlarına arı ailələrinin köçürülməsinə dair pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub.

 

Öz təsərrüfatlarını Laçın yaylaqlarına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Laçın ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparır.

 

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqlara köçünü təmin etməkdir.

 

Monitorinqlər zaman işğaldan azad edilmiş Laçın rayonunda arıçılığın inkişafı üçün böyük potensial mövcud olduğu müəyyənləşib. Bölgənin bitki örtüyü ehtiyatlarının arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın