Laçının bu kəndi sehrli suları və uzun ömürlü insanları ilə tanınır

Ana təbiətin Azərbaycan torpağına bəxş etdiyi nemətlər, sərvətlər çoxdur. Onların sırasında müalicəvi əhəmiyyətli mineral sular xüsusi yer tutur. Əsrlərdir və bəlkə də min illərdir ki, başı buludlara dəyən Laçın dağlarının ortasında, Minkənd kəndinin ərazisində də bu təbiət möcüzəsi insanlara sağlamlıq bəxş edir. 50-100 metr məsafələrlə müxtəlif tərkiblərdə, müxtəlif qoxu, müxtəlif temperaturda çıxır bu sular. Biri buz kimi soyuqdursa, digəri həddindən artıq isti, biri daxili orqanların müalicəsində istifadə olunursa, biri dərinizi qoruyur. Yan-yana düzülən sərin sulu bulaqlar isə susuzluqdan yanan ciyəri soyudur. Yerli sakinlər laçınlıların uzunömürlülüyünü də məhz bu şəfaverici, sehrli sularla əlaqələndirirlər. Təbiət bu torpağa sevgisini təmiz havası və mineral bulaqları ilə göstərib. Dəniz səviyyəsindən 1500–2800 m hündürlükdə yerləşən bu sular hər damlası ilə can dərmanıdır. Habil Aslanoğlu, Ziya İsmayilov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv