Lahıcda torpaq uçqunu zamanı bağlanan yol açıldı
İsmayıllı rayonunda torpaq uçqunu zamanı yaranan fəsadlar aradan qaldırılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti təxminən 5 saat ərzində tamamilə dayanıb.
Yolun açılması üçün əraziyə bir neçə ağır texnika və işçi qüvvəsi cəlb edilib. Sağ tərəfdəki sıldırımlı uca dağlardan və qayalardan qopub yola tökülən böyük daş parçaları və torpaq kütləsi texnikaların köməyi ilə sol tərəfdəki Girdiman çayına tərəf yönəldilib, saat 13:00 radələrində həmin ərazidən avtomobillərin keçidi təmin olunub.
Qeyd edək ki, yol bağlı olduğu müddətdə Lahıc və ətrafdakı kəndlərin sakinləri İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə ediblər.
Şahnəzər Bəşirov, APA TV, İsmayıllı