Lahıclı papaqçının maraqlı hekayəsi: “Dedi, bax, öyrənə bilirsən, öyrən”

Deyirlər ki, papaq başı yox, baş papağı qoruyar.  20 ilə yaxındır ki, papaqçı Rəsulun tikdiyi papaqlar maraq göstərib alan çox insanın başını həm qoruyub, həm bəzəyib.  

İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ecazkar küçələrindən birində, balaca bir dükanda Rəsul böyük bir sevgi ilə papaq tikir.  Rəsul deyir ki, 8 yaşından ata-baba sənətini olan dəri aşılamaqla məşğul olub. Papaqçılığa gəlişi isə onun öz arzusu ilə reallaşıb.

Müsahibimiz deyir ki, hər papaq eyni növ dəridən hazırlanmır. Ustanın sözlərinə görə, bəzi papaqların dərisi xaricdən gətirilir, rəqs papaqları isə yerli qoyunların dərisindən  hazırlanır. Keyfiyyətli papaq tikən papaqçı papaqların hazırlandığı dərinin keyfiyyətinə görə, qiymətlərinin də fərqli olduğunu deyir.

Usta sözlərinə görə, papaqçıların işi yay aylarında daha çox olur.

Papaqçı satdığı ən bahalı papaqdan 20-30 manatdan artıq pul götürmədiyini deyir. Onun sözlərinə görə, indi çox az adam papaq tikir, çünki çox az adam papaq qoyur. Yaxşı olar ki, yaşlı nəslin nümayəndələri gənc nəslə qədim adət-ənənələrimizi mükəmməl şəkildə öyrətsinlər.

Müəllif | Apa.Tv
Apa.tv