Lavrov-Bayramov görüşündə nələr oldu?
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmdə duran məsələlər müzakirə olunub. Görüşün rəsmi hissəsində çıxış edən Rusiya XİN rəhbəri ölkələr arasında həyata keçirilən layihələrdən danışıb və əlavə edib ki, yaxın günlərdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və oxşar digər layihələrin imzalanması üçün ölkə başçılarının görüşü keçiriləcək.
Ölkələr arasında ticarət əlaqələrinin yüksəldiyi, investisiya qoyuluşunun artdığını vurğulayan rusiyalı nazir hər iki ölkənin şirkətlərinin əlavə planları olduğunu deyib.
Daha sonra çıxış edən Ceyhun Bayramov görüşün təşkil edilməsini və Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində müşahidə olunan dinamikanı yüksək qiymətləndirib.
Qeyd edək ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrılıqda ikitərəfli görüşləri keçiriləcək. Görüşlərdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunacaq.
Fuad Sadıqov
APA TV