Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Sayca 27 – ci olan “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir. Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonunun Qurumba kəndində 2022-2023-cü illərdə inşa edilib. Mərkəz üçün ayrılmış 2,0 ha ərazidə 3 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılıb. 8 yanvar 2024-cü il tarixinədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8% təşkil edir. Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək və burada 214 əməkdaş və 40 könüllü çalışacaq. Vətəndaşlarımızın Dövlət Xidmətlərinə əl çatanlığı üçün yaxın vaxtlarda işğaldan azad olunan rayonlarda da ASAN xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Xatırladaq ki, yanvar ayının 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran