Lənkəran sakini həyətyanı sahəsində bambuk yetişdirir

Bambukdan hazırlanan əl işlərini görmək üçün mütləq deyil ki, Çinə gedəsiniz.

Lənkəranın Talışlı kənd sakini Eynulla Cəlalov, çinlilərdən heç də geri qalmayan müasir əl işləri hazırlayır.

Çinlilərin həyat ağacı adlandırdığı bambuk Lənkərana ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb. Bambukun toxumu əkildikdən və ona beş il müddətində qulluq göstərildikdən sonra cücərməyə başlayır, altı həftə ərzində isə hündürlüyü 27 metrə çatır. Eynulla Cəlalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı onun üçün əl işləri hazırlamaqdan ötrü əvəzsiz xammaldır. Usta bambukdan daha çox stol, stul, kreslo, kitab rəfi kimi əşyalar hazırlayır. Bunlardan bir neçə günə ərsəyə gələni də var, bir neçə aya bitəni də.

Usta deyir ki, iş olduqca çətindir. Bir masa komplektinin hazırlanmasına ən azı bir ay yarım vaxt sərf olunur. Toxumalar üçün bambuk xüsusi şəklə salınmalıdır.

Qeyd edək ki, Eynulla ustanın bambukdan düzəltdiyi əşyalar dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.

Hazırda onun iki oğlu və kənd dərnəyində öyrətdiyi azyaşlılar, həvəsi olanlar onun davamçılarıdır.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lənkəran  

 

Müəllif | Apa.Tv
Apa.tv