Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış məhdudlaşdırıldı

Bu gündən etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış məhdudlaşdırılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhərinin bütün giriş hissələrində stasionar postlar qurulub. Bu postlarda xidmət aparan polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən nəqliyyat vasitələri və piyadaların hərəkəti aidiyyəti üzrə yönləndirilir:

Baş inspektor Məhəmməd Rzayev deyir ki, Şağlaküçə və Şıxəkəran kəndlərində daha əvvəl qurulmuş stasionar postlar da fəaliyyətini davam etdirir: “Bu postlarla yanaşı, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərində daha əvvəl qurulmuş stasionar postlar da fəaliyyətini davam etdirir. Eyni zamanda polis əməkdaşları Lənkəran şəhərinin daxilində, ictimai nəqliyyatda, qapalı məkanlarda və digər ərazilərdə sanitar rejimin tələblərinə, COVID-19 ilə bağlı gigiyenik vasitələrdən istifadə olunmasına nəzarəti həyata keçirir”.

Bununla yanaşı, Lənkəran şəhəri ərazisində polis əməkdaşları avtopatrul və piyada marşrutları ilə də karantin qaydalarının tələblərinə nəzarət edirlər:

- Hamımız buna əməl eləməliyik, bizim dövlətimizin də fikri budur ki, əhali az yoluxsun, xəstələnməsin. Müharibə şəraitində biz əsgərlərimizə dayaq olmaq üçün bölgələrdə də xəstəliyin yayılmasının qarşısını almalıyıq. 

- Çox gözəl fikirdir. Pandemiyanın qarşısı alınır, axşam televizorda baxdım artıq 1000 nəfərə qalxmışdı. İnsanların sağlamlığı üçündür, bunu hamı başa düşməlidir. 

Qeyd edək ki, Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına giriş-çıxışın dayandırılması qərarı dekabr ayının birinə kimi qüvvədədir.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv