Lənkəran və Masallıdan Türkiyəyə yardım göndərildi
Lənkəran və Masallıdan Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə humanitar yardım göndərilib.
Lənkəran rayonunda insanların şəxsi təşəbbüsü ilə keçirilən kampaniya zamanı əsasən hazır qida məhsullarının və qış geyimlərinin toplandığı humanitar yardım artıq Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinə çatdırılıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti də qardaş ölkəmizin yanında olduğunu nümayiş etdirərək Kahramanmaraş şəhərinə ümumi dəyəri 50 min manat olan 15 ton Lənkəran düyüsü və 1 ton Lənkəran çayı yollayıb.
“Lənkəranlılar səninlədir, can Türkiyəm” şüarı altında yola salınan humanitar yardım lənkəranlıların daim türkiyəli qardaşlarının yanlarında olduqlarının təzahürüdür.
Digər humanitar yardım karvanı isə Masallıdan yola çıxıb. 3 gün əvvəl kiçik tutumlu 6 maşınla yardım göndərilmişdi. Bu gün də Türkiyənin Qəhrəmanmaraş şəhərinə iki TIR maşını ilə ərzaq, sənaye və digər məhsullar göndəririlir. Göndərilən məhsulların dəyəri 187 min manatdır.
Qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq can Türkiyəyə bütün istiqamətlər üzrə müntəzəm yardımlar davam edir.