Lənkərana getsəniz, bu əraziyə qətiyyən ayaq basmayın

Xarabalıq kimi qalan bu ərazi Lənkəran şəhərinin Səttərxan küçəsində yerləşir. Vaxtilə burada rayonun Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri olub. Dispanser xəstəxanaya köçürüləndən sonra bura boş ərazi kimi baxımsız qalıb. Bir müddət sonra ətraf küçələrin sakinləri buranı məişət tullantılarının zibil poliqonuna çeviriblər. Yoldan keçənlər də maşınlarını saxlayıb məişət tullantılarını bura atırlar. Ətrafda yaşayanlar deyirlər ki, zibillik, üfunət bir tərəfə, küçə itləri onlara göz verib, işıq vermir.

Sakinlərin sözlərinə görə, bəzi vətəndaşlar aylıq 3 manat, yəni günə 10 qəpik vermək istəmədikləri üçün, məişət tullantılarını bura atırlar.

Çəkiliş apardığımız zaman Lənkəran Mənzil İstismar və Kommunal Məsələlər idarəsinin əməkdaşları əraziyə gəldilər. Yığılıb qalan zibilləri təmizlədilər. İdarə rəisi deyir ki, sözügedən ərazi onların balansında olmasa da, mütəmadi olaraq burada təmizlik işləri aparırlar.

Məsələ ilə bağlı Lənkəran rayon Mərkəzi Xəstəxanasının mövqeyini öyrəndik. Xəstəxanadan şifahi olaraq bildirdilər ki, sözügedən ərazi əvvəllər Dəri-zöhrəvi Xəstəlikləri Dispanserinə aid olub. Dispanser xəstəxanaya köçürüləndən sonra, həmən ərazinin onların balansından çıxarılması üçün Əmlak Komitəsinə müraciət olunub.

İndi sakinlər o günü gözləməli olacaqlar ki, Əmlak Komitəsi ərazini, istifadə üçün hansısa idarə, təşkilata və ya sahibkara versin.

Müəllif | Apa.Tv
Apa.tv