Lənkərana giriş-çıxış məhdudlaşdırılıb

Lənkəran şəhərinə giriş-çıxış məhdudlaşdırılıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi qərarlardan irəli gələn tələblərin icrası ilə bağlı Lənkəranda da polis əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.

Polis əməkdaşları tərəfindən şəhərə daxil olmaq istəyənlərin, həmçinin yaşayış yerini tərk edən vətəndaşların icazə sistemində adının olub-olmaması və ya SMS icazəsinin mövcudluğu yoxlanılır.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin sözlərinə görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu digər şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da şəhərin giriş hissələrində stasionar postlar qurulub: “Burada polis əməkdaşları ilə yanaşı, Daxili Qoşunların hərbi qulluqçuları da xidmət aparır. Eyni zamanda şəhərin daxilində polis əməkdaşları avtopatrul və piyada patrul marşrutları ilə xidmət aparırlar. Vətəndaşların müvafiq icazələrinin olub-olmaması yoxlanılır. Bununla yanaşı, tibbi maska ilə bağlı tələblərə riayət olunmasına da nəzarət işi həyata keçirilir”.

 

Müəyyən olunmuş tələb və qaydalara riayət etməyənlər barəsində qanuna müvafiq tədbirlər görülür. Eyni zamanda pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə ətraf kənd və qəsəbədə yaşayan vətəndaşlara zərurət olmadığı hallarda və müvafiq icazəsiz rayon mərkəzinə gəlməyə cəhd etməmələri barədə xəbərdarlıq edilir.

Müəllif | Apa.Tv
Apa.tv