Lənkəranda 4 seçki dairəsi üzrə 153 məntəqədə aktivlik müşahidə olunur
Lənkəranda yerləşən 73, 74, 75 və 76 saylı Dairə Seçki komissiyaları üzrə 153 məntəqədə seçki prosesi davam edir.
APA TV-nin məlumatına görə, seçki məntəqələrində müxtəlif partiyaları, namizədləri təmsil edən müşahidəçilər seçki prosesini izləyir. Bəzi məntəqələrdə isə "exit-poll" keçirilir.
Bölgədə davam edən qarlı hava şəraitinə baxmayaraq, seçicilərin aktivliyi müşahidə olunur: “Bu gözəl qar havasında seçkiyə gəlməyin özünün başqa ləzzəti var. Mən çox sevinirəm gəlib səs verdiyim üçün. Azərbaycanın gələcək quruculuq işlərində Milli Məclisin təzə seçiləcək üzvlərinə uğurlar arzulayıram”.
Məntəqə sədri Nurəli Məmmədov deyir ki, seçki məntəqələrində səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, ATƏT və MDB-dən olan beynəlxalq müşahidəçilər də izləyir: “17 saylı seçki məntəqəsində 1094 nəfər səs verməlidir. Səs verənlərdən 3-ü xəstə olduğu üçün ərizə ilə müraciət edib. Biz onların evinə daşınan qutu göndərəcəyik ki, səs versinlər. Heç bir insident baş verməyib, haradasa 20-yə yaxın müşahidəçi var”.
Qeyd edək ki, bu gün Lənkəranda 4 seçki dairəsi üzrə 150 minə yaxın seçici səsvermə hüququndan istifadə edəcək. 4 deputat mandatı uğrunda isə 32 namizəd mübarizə aparır.