Lənkəranda ana doğuşdan sonra öldü
Lənkəranda ana doğuşdan sonra ölüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə günorta saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Rauf qızı Babayeva bu gün saat 09:25-də hamiləliyinin 38-39-cu həftəsində xəstəxananın Perinatal Mərkəzinə daxil olub. Hazırlıq mərhələsindən sonra hamilə qadın qeysəriyyə əməliyyatına götürülüb. Əməliyyatdan sonra müayinə zamanı bəlli olub ki, xəstədə qanaxma başlayır. Təkrar qarın boşluğu açılıb və güclü qanaxma müşahidə olunub.
Lənkəran RMX baş həkiminin müavini Əbülfət Məmmədov bildirib ki, bütün tədbirlərdən istifadə olunub: “Əlavə reanimatoloq, mama-ginekoloq cəlb edilib. Qan, qanı əvəz edən preparatlar, plazma köçürülməsinə və həkimlərin bütün səylərinə baxmayaraq, Gülnar Babayeva dünyasını dəyişib. Biz xəstəni ekspertizaya vermişik, son məlumat ekspertizadan sonra dəqiq olar. Amma bütün hallarda valideynlərə də, hamilə qadınlara da başa salınır ki, qeysəriyyə əməliyyatı olan qadınlar ən azı 3 il fasilə verməlidir. Burada fasilə 1 ildən azdır. Bütün hallarda belə problemlər yarana bilər”.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, bu, mərhumun ikinci hamiləliyi olub və nəticədə qız uşağı dünyaya gəlib, vəziyyəti normaldır. G.Babayeva bir il əvvəl də qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirmişdi. Faktla bağlı araşdırma aparılır.