Lənkəranda çimərliklərdə çirklənmə səviyyəsi normadan çoxdur

Lənkəranda qarşıdan gələn çimərlik mövsümü ilə əlaqədar dəniz suyunun monitorinqi aparılıb və məlum olub ki, çirklənmə səviyyəsi normadan çoxdur.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, monitorinqlərdə əsas diqqət insanların daha çox istifadə edəcəyi proqnozlaşdırılan çimərliklərə yönəldilib. Belə ki, Xəzər dənizi sahili boyu yerləşən 8 məntəqədən götürülən suyun fiziki-kimyəvi və bakterioloji analizləri aparılıb. Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadıqova deyir ki, analizlərin nəticəsinə görə, çirklənmə səviyyəsi yüksəkdir:  “Sütəmurdov ərazisi, Aşağı Nüvədi qəsəbə ərazisi, Kiçik Bazar ərazisi, Fələrştad çay ərazisində çimmək qadağan olunur. Nəyə görə? Deməli burada mikrob həddindən artıq çox oldu və insanlar üçün təhlükə yaratdığına görə, həmin ərazilərdə çimmək qadağandır. Təkrar nümunələr götürülərsə, bakterioloji göstəriciləri normalara uyğun olarsa, əhaliyə ətraflı məlumat verəcəyik”.

Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən dənizə axıdılır. Digər tərəfdən də sahil və çimərlik ərazilərinin insanlar tərəfindən çirkləndirilməməsinə nəzarət işi bəzi yerlərdə zəif təşkil olunur. Nəticədə tullantılara məruz qalan çimərliklərdən istifadə mədə-bağırsaq və dəri xəstəliklərinin yaranması riskini artırır: “Hər hansı ərazidə kim fəaliyyət göstərirsə, orada urnalar olmalıdır. Kim ictimai iaşə fəaliyyəti göstərirsə, onlar dənizin ərazisinə nəzarət etməlidirlər. Çünki hər birimiz dənizdən istifadə edirik”.

Qeyd edək ki, dəniz suyunun analizi çimərlik mövsümü başa çatana qədər mütəmadi olaraq aparılacaq.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv