Lənkəranda ehtiyat hissələri oğurlayan şəxslər yaxalandı
Lənkəranda traktor üçün ehtiyat hissələri satılan mağazadan oğurluq edən şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon sakini Firdovsi Hüseynov polisə müraciət edərək Digah kəndində ona məxsus mağazadan oğurluq edildiyini bildirib.
Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, mağazadan müxtəlif vaxtlarda 5555 manat dəyərində ehtiyat hissələri oğurlanıb: “Aparılmış istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətmiş Lənkəran şəhər sakinləri Fərziyev Mail Fərasət oğlu və Muradlı Tural Rahim oğlu saxlanılıb, istintaq bölməsinə təhvil verilmişdir. Həmin şəxslər öz ifadələrində oğurladıqları traktor ehtiyat hissələrini rayon ərazisində metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər”.
Saxlanılan şəxslər müxtəlif vaxtlarda mağazadan 3-4 dəfə oğurluq etdiklərini etiraf ediblər:
- “Muradov Turalla bir yerdə traktor ehtiyat hissələri satılan yerə girmişik, oğurlamışıq. Aparıb Cil kəndində metal yığan yerə təhvil vermişik. Haradasa 3-4 dəfə getmişik”.
- “Mail Fərzəliyevlə razılığa gəldik ki, traktor ehtiyat hissələrini aparaq. 3-4 gün fasilə olmaqla ehtiyat hissələrini götürüb, Cil kəndin metal qəbulu məntəqəsinə verdik”.
Faktla bağlı araşdırma aparılır.