Lənkəranda elektrik dirəyi maşının qarşısına aşdı

Lənkəranda elektrik dirəyi maşının qarşısına aşıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şirəli Axundov küçəsində baş verib.

Ürgə kənd sakini Teymur Ağayev “VAZ-2107” markalı avtomobili ilə övladını məktəbdən götürməyə gedərkən beton elektrik dirəyi qəfildən yolun hərəkət hissəsinə aşıb. Sürücü əyləci vaxtında basmaqla baş verə biləcək faciədən canını qurtarıb. Elektrik naqilləri isə avtomobilin müəyyən hissələrini sıradan çıxarıb: “Gedə-gedə elə bil nəyisə götürdülər, atdılar mənim qabağıma. Elektrik naqilləri hamısı maşının altındadır bu dəqiqə. Dəyən ziyan da 500 manatdan çoxdur. Travesi qırılıb, təkəri partlayıb, ramasına, mühərrikinə ziyan dəyib”.

 

Elektrik dirəyi bir müddət yolda nəqliyyatın hərəkətinə çətinlik yaradıb. Hadisə yerinə Lənkəran Şəhər-Rayon Polis Bölməsinin və “Azərişıq” ASC-nin əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv