Lənkəranda güclü yağış: adamlar çölə çıxa bilmir

Lənkəranda güclü yağışlar nəticəsində gələn sel bir sıra problemlər yaradıb.

 

Rayon ərazisində 3 gündür davam edən yağış hərəkəti çətinləşdirib. Yaşayış binalarının qarşısında yığılan sel suları sakinlərin narazılığına səbəb olub.  Əsasən 1 və  2-ci mikrorayonların ərazisində, Hənifə Abdullayev və Bazar küçələrində sel suları həyətlərə dolub.

 

Eləcə də bir neçə məktəbin qarşısına yağış suları yığıldığından şagirdlərin məktəbə girişində problemlər yaranıb.

 

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Vüqar Məmmədov APA TV – yə bildirib ki, şəhər ərazisində sel sularından yaranmış problemləri aradan qaldırmaq üçün Fövqəladə hallar komissiyası tərəfindən qruplar yaradılıb. Qruplara 300-ə yaxın işçi qüvvəsi cəlb olunub. Hazırda xəndəklər, kollektorlar təmizlənir. Günün sonuna kimi işlərin yekunlaşması nəzərdə tutulub.

 

Qeyd edək ki, rayonda leysan xarakterli yağış hələ də davam edir.

Müəllif | Apa.Tv
Apa.tv