Lənkəranda karantin rejimi çərçivəsində qoyulan qadağaların bəziləri aradan qaldırıldı

Bu gündən etibarən paytaxt Bakı ilə yanaşı xüsusi karantin rejiminin saxlandığı şəhər və rayonlarda da qaydalarda yumşaldılma aparılıb. Amma buna baxmayaraq, hələ də qüvvədə saxlanılan məhdudiyyətlər var.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı Lənkəranda da rayonun giriş hissələrindəki postlar fəaliyyətini davam etdirir. Burada Daxili Qoşunların hərbi qulluqçuları, polis əməkdaşları ilə birgə xidmət aparır. Əlavə olaraq rayonun daxilində 6 kənddə də postlar qurulub. Həmin kəndlərdə dezinfeksiya işləri də mütəmadi olaraq davam etdirilir:

Rayon sakini Famil Babayev son günlər kəndlərdə yoluxma sayının artdığını buna görə də qaydalara əməl etməyin vacib olduğunu bildirir: “Bu gündən etibarən karantin rejiminin yumşaldılmasına baxmayaraq, bizim bu kəndlərdə yoluxma hallarına görə, Daxili Qoşunlar və polis əməkdaşlarının təşkil etdiyi bu postları müsbət qarşılayırıq. Camaata tövsiyəmiz budur ki, maskalardan istifadə eləsinlər, ara məsafəni gözləsinlər ki, yoluxma halları daha çox yayılmasın”. 

Karantin rejimindəki yumşaldılma ilə əlaqədar olaraq bu gündən etibarən çayxana, kafe və restoranlar fəaliyyətini bərpa etsə də, onlar hələ ki, yalnız axşam saat 18:00-dək müştərilərə yerində xidmət göstərə biləcəklər. Eyni zamanda bu obyektlərdə insanlar arasında sıx təmasın yaranmamasına, iş kollektivinin tibbi maska və əlcəkdən istifadəsinə nəzarət olunur:

Belə obyektlərdən birinin əməkdaşı olan Mürvət Bağırlı qoyulan qaydalara əməl etdiklərini deyir: “Biz bu gündən fəaliyyətimizə başlamışıq. Hazırda bütün karantin qaydalarına riayət edirik. İçəri girənlər maskadan, əlcəkdən istifadə edir, məsafəni saxlayırıq. Özümüz də maskadan, əlcəkdən istifadə etməklə xalqımıza xidmət edirik”.

Baş inspektor Məhəmməd Rzayev deyir ki, vətəndaşların tibbi maskadan istifadə etməsi və sosial izolyasiya tədbirlərinə riayət etmələri ilə bağlı da polis əməkdaşları tərəfindən davamlı şəkildə izahat və maarifləndirmə işləri aparılır: “Bakı, Sumqayıt, Gəncə, Abşeronla yanaşı, Lənkəranda da rayonun giriş hissələrindəki postlar fəaliyyətini davam etdirir. Əlavə olaraq rayonun daxilində 6 kənddə də postlar qurulub ki, burada da vətəndaşlar sakini olduğu yaşayış məntəqələri üzrə yönləndirilir. Bununla yanaşı, fəaliyyəti bərpa olunmuş obyektlərin Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun şəkildə fəaliyyət göstərməsinə də ciddi şəkildə nəzarət olunur”.

Bundan başqa park və istirahət məkanlarına girişdə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv