Lənkəranda narkotaciri müştərisi ələ verdi
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları növbəti uğurlu əməliyyat tədbirləri keçirib.
APA TV-nin cənub bürosunun məlumatına görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Cavid Süleymanov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı 28 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Araşdırmalarla Cavid Süleymanovun narkotik vasitəni rayonun Şilavar kənd sakini Şəmsi Bünyatovdan aldığı müəyyən edilib və o da saxlanılıb. Şəmsi Bünyatovun yaşadığı evdən 1 bükümdə və 1 sellofan torbada ümumilikdə 900 qrama yaxın narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV