Lənkəranda Qırmızı Kitaba düşən quş xilas edildi - QARĞALARIN HÜCUMUNDAN
Lənkəranda Xəzərin sahilində nadir quş növü xilas edilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, quşu şəhər sakini Elvin Quluzadə tutub və onun tələf olmasına imkan verməyib.
Dəniz kənarında gəzintiyə çıxan Elvin qarğaların bir quşu qovduğunu görüb. Yaralı quş uça bilməyib və qarğalar onu dimdikləməyə başlayıb: “Düşdü yerə, qarğalar da bunun üstünə düşdülər. Əlimdəki taxtanı atdım qarğalara, onlar uçdu getdi, bu uça bilmədi. Bunu yaralamışdılar. Götürdüm və qeyri-adi quş olduğunu gördüm. Ayağındakı birkalar fikrimi cəlb elədi”.
O, quşun ayağında üç ədəd möhürlənmiş yarlıq gördüyü üçün aidiyyəti qurumlara məlumat verib. Quşu təhvil almaqdan ötrü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), eləcə də Qızılağac Milli Parkının əməkdaşları əraziyə gəlib. Müəyyən edilib ki, bu quş adı dünyanın, o cümlədən Azərbaycanın Qırmızı Kitabına düşmüş dovdaqdır: “Dovdaq quşudur. Üzərində baxış keçirəndən sonra bu quş müəyyən olundu ki, Qazaxıstandan bizim ölkəyə köç edib. Dişi quşdur, dişisi 3-4 kq, erkəyi isə 7-8 kq olur. Bizim ölkədə az rast gəlinir və burda az qışlayırlar”.
Nadir növ müayinə üçün Qızılağac Milli Parkına aparılıb. Qeyd edək ki, zərərli həşəratlarla qidalandığı üçün "fermerin dostu" kimi bilinən dovdaq quşu qlobal təhdid altındadır. Bu quşları qorumaq üçün bəzi ölkələrdə tədbirlər görülür.